Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Tar mənimlə Allah arasında körpüdür”- MÜSAHİBƏ



Aprelin 6-da tarzən Ayaz İmranovun Azərbaycan Milli Konervtoriyasında verdiyi solo konsert musiqisevərlər tərəfindən böyük maraqla qarşılandı.Tanınmış tarzənlə söhbətimizdə konsertlə bağlı fikirlərini öyrənməklə yanaşı, bizi maraqlandıran digər suallara da cavab almağa çalışdıq.

-Ayaz müəllim, tarın Azərbaycan milli musiqisində müstəsna yer tutduğu, əsrlər uzunudur ki, öz əvəzolunmazlığını, təkrarsızlığını qoruyub saxladığı hamıya bəllidir. Maraqlıdır, bəs Ayaz İmranovun həyatında tar hansı pillədə qərarlaşıb?Ümumiyyətlə, tar sizə görə nədir?

-Qeyd etdyiniz kimi, tarın milli musiqimizdəki yeri həqiqətən də əvəzsizdir. Əgər tar olmasaydı, Azərbaycan milli musiqisi heç vaxt indiki zənginliyə malik olmazdı.Şəxsən mənə görə, tar Azərbaycan milli musiqisinin ürəyi, onun şah damarıdır.Hansı ki, onsuz milli musiqimizin öz yaşamına bir tam, bir bütöv kimi davam etməsi mümkünsüzdür.

Tarın mənim həyatımdakı önəminə gəlincə, mübağiləsiz olaraq deyə bilərəm ki, tar məni həyata bağlayan, bu həyatın bütün ağrı-acılarına, məşəqqət və məhrumiyyətlərinə mərdliklə dözməyə kömək edən böyük və ilahi bir gücdür. Tar mənə özümü, öz hiss və düşüncələrimi daha dolğun ifadə etməyə, öz daxili dünyamı özümə və eləcə də ətrafımdakı insanlara daha dolğun təqdim etməyə  kömək edir. Tar mənə həm də Allahı daha yaxından hiss etməkdə yardım edir.  Tar ifa edən zaman hər şeyi unudur,  sanki Allahla söhbət edir, onu bütün qəlbim və ruhumla hiss edirəm. Belə demək mümkündürsə, tar mənimlə Allah arasında körpüdür. Sevgi, ümid və ünsiyyət körpüsü....

-Deyirlər ki, musiqi heç də hər zaman sevinc bəxş etmir. Musiqi bəzən izaholunmaz nisgil, sonsuz kədər və dəhşətli iztirab da yaşadır. Sizcə musiqinin bu ikili, təzadlı  xüsusiyyəti nə ilə bağlıdır? Və niyə biz hətta kədər bəxş edən musiqini belə sevirik, özümüzü onu dinləməkdən kənar qoya bilmirik?

-Bilirsiniz, musiqi bilavasitə insan ruhu ilə bağlı olan bir məsələdir. Bizim dinlədiyimiz musiqini necə dərk etməyimiz, bu musiqinin bizdə hansı təəssürat oyatması bizim ruhumuzun vəziyyətindən əhəmiyyətli dərəcədə asılı olur.Buna görə də bəzən bizdə sevinc yaradan bir musiqi sabahısı gün tamam əks hislər oyadır.Bizim hətta kədər doğuran musiqini sevmə səbəbimizə gəlincə, bu, musiqinin mahiyyəti ilə bağlı bir məsələdir.Musiqi paklıq, ülvilik, sonsuzluq deməkdir. Biz kədərli musiqiləri də ona görə sevir, ona görə ondan üz döndərə bilmirik ki, həmin musiqilərdə də digər musiqilər kimi, bəlkə onlardan da çox saflıq və ülvilik var. Biz bu musiqidə öz ruhumuzun səsini eşidir, həsrətində olduğumuz paklığı, təmziliyi hiss edirik. Ona görə də bu ağrılı ülviliyə, bu nisgilli paklığa “yox” deyə bilmirik.  Məşhur rus yazıçısı İ.A.Buninin dediyi kimi, “məgər dünyada ən kədərləndirici musiqi də səadət bəxş etmirmi?”

-Hazırda harada işləyirsiniz?

-Mən bir neçə ildir ki, Sumqayıt Musiqi Kollecində işləyirəm. Bu kollec ölkəmizdəki musiqi kollecləri arasında yüksək təhsil səviyyəsinə görə xüsusi çəkiyə malikdir. Mən bu məsələdə kollecin direktoru Rasim Quliyevin əməyini məxsusi qeyd etmək istəyirəm. Rasim Quliyev kollecin müəllim-tələbə kontingenti üçün sadəcə direktor deyil. O, həm də gənc istedadların aşkar edilib üzə çıxarılmasında böyük xidmətləri olan dəyərli ziyalı, tabeçiliyindəki şəxslərə maddi-mənəvi baxımdan dəstək duran qayğıkeş bir insandır. Və hesab edirəm ki, yalnız musiqi sektorunda deyil, bütün sahələrdə Rasim Quliyev kimi ləyaqətli, təvazökar, alicənab rəhbərlərə ehtiyac var.

-Ayaz müəllim, aprelin 6-da Azərbaycan Milli Konservatoriyasında verdiyniz solo konsert musiqiseverlər tərəfindən böyük maraqla qarşılandı. Xalq artisti Siyavuş Kərimi bu konserti “tar bayramı” adlandırdı. Maraqlıdır, necə oldu ki, belə bir konsert vermək qərarına gəldiniz?

-Doğrusu, bu ideya mənə məxsus olmadı. Konsert verməklə bağlı təklif Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, dəyərli ziyalımız Siyavuş Kərimidən gəldi. Yəni bu məsuliyyətli işin altına məhz Siyavuş müəllimin məsləhəti və dəstəyi ilə girdim.  Bu işin öhdəsindən nə dərəcədə gələ bildim - bunu yəqin ki, bu konsertdə iştirak edən musiqisevərlər deyə bilər. Ancaq mən bu konsertin təşkilində mənə verdiyi dəstəyə görə Siyavuş müəllimə öz dərin təşəkkürümü bildirirəm. Mənim magistratura təhsilimi almağımda, konservatoriyada müəllim kimi fəaliyyə göstərməyimdə onun müstəsna əməyi olub. Mənim kimi bir çox musiqiçilərin də təhsilində, pedaqoq və ifaçı kimi formalaşmasında Siyavuş müəllimin zəhməti böyükdür. Siyavuş Kərimi bütün ömrünü milli musiqi dəyərlərimizin qorunmasına həsr edib və hesab edirəm ki, bu gün onun özünü də bir dəyər kimi qorumağımıza, təbliğ etməyimizə çox ciddi ehtiyac var.

-Bütün istedadınıza, uzunmüddətli pedaqoji fəaliyyətinizə və təkrarsız ifaçılıq qabiliyyətinizə rəğmən hələ də heç bir fəxri adınız yoxdur. Sizcə Ayaz İmranovun hələ də heç bir fəxri ad almamasına səbəb nədir?

-Mən heç vaxt heç bir fəxri ada iddia etməmişəm. Məsələ ondadır ki, heç bir fəxri ad, heç bir titul ona sahib olan şəxsin istedadına heç nə qazandırmır. Necə ki, siz əsgər düşüncəsinə malik bir şəxsə general rütbəsi verməklə onda general zəkası formalaşdıra bilməzsiniz. Və ya əksinə,  general zəkasına malik bir şəxsi general rütbəsindən məhrum etməklə, onun general zəkasından heç nə əksiltmirsiz. Musiqi də belədir. Həqiqi istedada malik bir şəxsin fəxri ad alması onun istedadını artırmır. Yaxud əksinə, fəxri ada layiq olan bir şəxsə bu ad verilmirsə, o, öz istedadından heç nə itirmir. Önəmli olan kimin fəxri ada sahib olması deyil. Önəmli olan yeganə şey kimin gerçək istedada malik olmasıdır. Əgər sən həqiqətən də yüksək istedada maliksənsə, həqiqətən də bu sənətin inkişafı üçün nə isə etmisənsə, xalqın səni görməməsi, sevməməsi mümkün deyil. Önəmli olan məhz xalqın sevgisi, xalqın məhəbbətidir. Mənim üşün bu sevgi ən yüksək fəxri addan, ən ali medaldan qat-qat dəyərlidir. Xalq kimin-kim olduğunu yaxşı bilir.

Sizə məşhur fransız yazıçısı Viktor Hüqo ilə bağlı maraqlı bir əhvalat danışım. V.Hüqo yaradıcılığının ilk illərində maddi baxımdan olduqca yoxsul idi və soyuq qış aylarında nimdaş bir palto ilə dolaşırdı. Bir gün küçədə köhnə tanışlarından biri ilə qarşılaşır. Həmin şəxs V.Hüqonun köhnə paltosuna işarə edərək ona öz paltosunu dəyişməyi, yeni palto almağı təklif edir. V.Hüqo təbəssümlə bildirir ki, o, öz nimdaş geyiminə görə insanlardan utanmır. Çünki o, bir yazıçı kimi məşhur deyil, onu kimsə tanımır. Bu hadisənin üstündən bir neçə il keçir və bu illər ərzində V.Hüqo dünya şöhrətli yazıçı kimi tanınır. Və bir gün yenə soyuq bir qış günü həmin köhnə tanışı ilə qarşılaşır. Tanışı V.Hüqonun əynində yenə də illər öncə geydiyi nimdaş palto olduğunu görür. Ona paltosunu yeniləməyi tövsiyyə edir.  Bildirir ki, məşhur bir yazıçının insanlar arasında köhnə palto ilə dolaşması yaxşı hal deyil. V.Hüqo bu dəfə də gülümsəyir və bildirir ki, o, öz nimdaş geyiminə görə insanlardan utanmır. Çünki insanların hamısı onu tanıyır, onun hansı istedad və mənəviyyata malik olduğuna bələddir.

Bu baxımdan hesab edirəm ki, kiminsə hansısa titula sahib olub-olmaması heç bir əhəmiyyət kəsb etmir. İstedad günəş kimidir. Hətta kor belə onu görməsə də,  hərarətini hiss edir. Onu hiss etməyə məhkumdur.  Və ən əsası, günəşi inkar etmək, görməzdən gəlmək günəşdən, onun hərarətindən heç nə azaltmır.

-Belə bir deyim var ki, hər insanın həyat yolunu taleyin həlledici məqamlarında onun qarşısına çıxan xeyirah və ya bədxah insanlar həll edir. Maraqlıdır, Ayaz İmranovun qarşısına bu cür həlledici məqamlarda nə cür insanlar çıxıb?

-Yaşadığım bütün məhrumiyyətlərə baxmayaraq, mən öz taleyimdən razyam. Çünki bu cür həlledici məqamlarda tale mənim yoluma hər zaman mərd və xeyirxah insanlar çıxardıb. Hansı ki, mən hər zaman o insanları dərin minnətdarlıq hissi ilə xatırlayıram. Tofiq Cəfərov, Cəlil Nağıyev, Azər Məmmədov kimi insanların  mənim həyatımdakı rolu əvəzsizdir. Bu insanların xeyirxahlığı, təmənnasızlığı mənim üçün həmişə maddi-mənəvi situmul olub. Bəlkə də inanmayacaqsınız, amma sizə əminliklə bildirirəm ki, xeyirxah ruhlu insanların əhatəsində ifa edilən musiqi də tamam fərqli çalar, fərqli gözəllik kəsb edir. Sanki həmin insanların mənəvi paklığı bu musiqiyə sirayət edir.

Məşhur rus yazıçısı Maksim Qorkinin dediyi kimi: “Yaxşı musiqi həmişə yaxşı adamlar olan yerdə yaranır”.

Seymur Əliyev

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений