Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Quran heç vaxt elmin qarşısında sədd ola bilməz”-Fazil Mustafa



Pakistanlı böyük düşüncə adamı və fizika üzrə Nobel mükafatı laueratı Əbdüssalam ingilis təhsil sisteminin yetirməsi olsa da, öz sağlam imanı ilə seçilən və soy-kökünə bağlı olan şəxsiyyət kimi tanınır. Özünün məşhur Nobel nitqində əsas yeri Quranın "Əl-Mülk" surəsindən gətirdiyi iqtibaslar tutur və öz elmi sisteminin bu surə ilə əlaqəli olduğunu dünya elmi dairələrinin diqqətə çatdırır. Yəni adam Quranı başının üstünə deyil, dolabın içinə qoyanlardan deyil, məhz anlayaraq başının içinə yığanlardan olduğuna görə XX əsrin fizikasında ən böyük kəşflərdən birinə imza atıb”. 

Cebhe.info xəbər verir ki, bunu Milli Məclisin üzvü Fazil Mustafa deyib. F.Mustafa qeyd edib ki, onun həyatında ən maraqlı epizod isə Nobel mükafatı aldıqdan sonra Pakistana gəlişi hesab oluna bilər: “Əbdüssalam istirahət günü olmasına baxmayaraq sürücüsünə maşını özünün ilk təhsil aldığı gimnaziyaya  sürməsini istəyir. Sürücü, istirahət günü olduğunu və orada kimsəni tapa bilməyəcəklərini söyləsə də, bu böyük alim deyir ki, mənim axtardığım insan mütləq orada olacaqdır. Bu, şəxs həmin məktəbin qarovulçusu Səid idi. Həqiqətən də Səidi iş yerində tapırlar.

Məktəbə bağlı olan bu ahıl kişini qucaqlayıb bağrına basan Əbdüssalam deyir ki, mənim yetişməyimdə onun müstəsna rolu var. Çünki o hiss edirdi ki, mən böyük alim olacağam, otağıımı arxadan mısmarla bağlayırdı ki, o biri uşaqlar içəri girərək çalışmama mane olmasınlar. Özü isə yeməyimi pəncərədən verirdi. Yalnız çalışmalarım bitəndən sonra məni çölə buraxırdı. Əlində imkan olduğu vaxtlardan başlayaraq Əbdüssalam həmişə ona dolanışıq üçün vəsait göndərirmiş. Əbdüssalam Nobel nitqində isə deyirdi ki, İslam aləminin geriliyinin səbəbi qətiyyən İslam dini ilə, Quranla bağlı deyil, bu dinin yobazlar və cahillər tərəfindən təhrif olunması ilə bağlıdır. İndi o sadə iman sahibi qarovulçu Səid qədər hər birimiz təhsilə, elmə dəyər verə bilsəydik, kim bilir azərbaycanlılar hansı yüksək bilik mərtəbələrindən boy göstərmiş olardılar”.

F.Mustafa deyib ki, Quran heç vaxt elmin qarşısında sədd ola bilməz:

“Bu epizodu indicə Yeni Yasamalda yerləşən "Albalı" uşaq bağçasında dəvət olunduğum məzun törənində körpə övladlarımızın gözəl rəqslərini, şeir və məhnıllarını, digər qabiliyyətlərini zövqlə izlərkən xatırladım və nədənsə düşündüm ki, ilk öncə bizim məmləkətə Səidlər, yəni vicdanlı, imanlı və idealist qarovulçular lazımdır ki, Əbdüssalamları seçib başqalarından ayırsın və qapısını mıxlayıb cəhalət havasını onun otağına dolmasına izin verməsin.

Sonrası pəncərədən ötürülən qida ilə də olsa mütləq Əbdüssalamlar yetişəcək. O zaman görəcəklər ki, elmin qarşısındakı sədd Quran ola bilməz, o sədd Quranı doğru anlamayan, təhqif edən, beyninin içinə yığmaq yerinə başının üstünə qoyan, oradan barış sözünü qətl kimi anlayan, humanizmi vəhşilik kimi öyrənən və müasir dünyamızın antoqonizminə çevirən qafamızdır, qafamız. Sonda onu da deyim ki, Əbdüssalam 250 nəfər dəyərli fizik-alim yetişdirib. Yüzlərlə böyük elmi titulu daşıyanların beş nəfər dünyaya çıxacaq alim yetişdirə bilmədiyi Azərbaycan adlı məmləkətimizdə bunun nə demək olduğunu elm sahəsindəki bütün antik və müasir lüğətləri ələk--vələk etsəniz də, tapa bilməyəcəksiniz. Bunun sirrini yalnız qarovulçu Səid bilir”.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений