Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Neft qiymətlərinin yenidən qalxması hakimiyyətdə ümidlər yaradır” - POLİTOLOQ



“Ötən il noyabrın 24-də Brüsseldə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" ölkələrinin sammiti keçirilmişdi. Şərq Tərəfdaşlığının üzvü olan ölkəmizin Avropa İttifaqı ilə siyasi, iqtisadi, hüquqi, ticari və digər hərtərəfli çərçivə sazişinin imzalanması gözlənilirdi. Amma rəsmi Bakının çərçivə sazişini imzalamaması ölkəmizin bu qurumla əlaqələrinin inkişafını bir il də arxada saxladı”. Bunu 

Cebhe.info-ya açıqlamasında AXCP sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə deyib. 

Onun sözlərinə görə, Avropa İttifaqı ilə aparılan danışıqlar prosesi və çərçivə sazişinin imzalanması bu il nəzərdə tutulur: “Rəsmi Bakı Avropa İttifaqı ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq sazişində maraqlıdır. İqtidar siyasi, iqtisadi, hüquqi islahatlarda maraqlı deyil. 

Qeyd edim ki, iki il bundan əvvəl neft qiymətlərinin kəskin aşağı düşməsi nəticəsində iqtidar Avropa İttifaqı ilə çərçivə sazişi bağlamaqda maraqlı olduğunu vurğuladı. Amma göründüyü kimi, neft qiymətlərində müəyyən dərəcədə yüksəliş və bu il keçiriləcək prezident seçkiləri fonunda iqtidarın Avropa İttifaqı ilə çərçivə sazişi bağlaması real görünmür. Çünki bu sazişə gedərsə, siyasi və demokratik islahatlar həyata keçirməlidir. Bu il ərzində Avropa İttifaqı ilə danışıqlar davam etdiriləcək və çərçivə sazişinin növbəti ildə bağlanması nəzərdə tutulur. Avropa İttifaqı ilə hərtərəfli çərçivə sazişini iqtidar öz siyasi platforması üçün təhlükə görür”. 

Politoloq deyib ki, təəssüf ki, bu il ölkəmizdə siyasi-iqtisadi və hüquqi sahələrdə islahatların aparılması nəzərdə tutulmur: “Nə qədər acı da olsa, Cənubi Qafqazda Gürcüstan, eləcə də Ermənistan siyasi və demokratik islahatlar çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlıqda bizdən qabaqdadır. Dövlət maraqları bu ölkələrdə hakimiyyət maraqlarından irəlidədir. Neft qiymətlərinin yenidən qalxması hakimiyyətdə ümidlər yaradır. Qeyri-neft sektorunun inkişafına diqqət ayrılmır. Ölkədə iqtisadi-sosial problemlər dərinləşir. Verilən maaş və təqaüdlər gündəlik tələbat mallarının alınmasına bəs etmir. Əhalinin bağlı olduğu səhiyyə, təhsil sahəsində ciddi boşluq və korrupsiya hallarının aradan qaldırılması istiqamətində aparılan işlər, yalnız imitasiya xarakteri daşıyır. Qarşıdakı iki il ərzində köklü islahatlar aparılmasa, ölkənin ümumi siyasi-iqtisadi vəziyyəti yaxşı olmayacaq”. 

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений