Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Müxalifətçilik oyun”unda radikalizm havası 



Prezident seçkisinə start verilməsi isə “canlanan” ənənəvi müxalifət cəbhəsində bu canlanma siyasi fəaliyyətlə yox, daha çox təhqir, söyüş, aşağılama ilə müşayət olunur. Seçkiöncəsi cəmiyyətə ancaq radikal mövqe aşılayan və bütün fəaliyyətini də məhz bu istiqamətdə quran “yurd”çuların arxasınca məcburiyyətdən düşən bəzi qüvvələr və ayrı-ayrı şəxslər də siyasi mədəniyyət yox, daha çox siyasi səhnəyə daşımaq istədikləri mənəviyyatsızlıqla diqqət çəkirlər.

Bir tərəfdən, daim dialoq tərəfdarı olduğunu bəyan edirlər, digər tərəfdən, seçkidə iştirak edən, yəni seçki prosesinə qoşularaq bu fürsəti xalqın lehinə dəyərləndirməyə çalışanlara, onların tərəfdarlarına, deməli, həm də xalqın əsas hissəsinə qarşı təhqiramiz mövqe tutmaqla cəmiyyətdə azlığın çoxluq üzərində dominantlığına nail olmağa çalışırlar. Əsas fəaliyyət meydanları olan sosial şəbəkədə onların boykot qərarları da daxil heç bir qərarını bəyənməyən, ona qarşı əks fikir söyləyən istənilən şəxsi tək-tək təhqir etməkdən, həmin şəxslərə qarşı leksikondakı bütün nalayiq ifadələri işlətməkdən sanki həzz alan bu qrup üçün siyasi əxlaq və dəyər anlayışlar çoxdan arxivə atılıb. Bununla da kifayətlənməyərək cəmiyyəti, dövlət-vətəndaş, iqtidar-müxalifət münasibətlərinin sivil qaydalarlara tənzimlənməsini qəbul etməyərək, buna qarşı öz radikal mövqelərini ortaya qoymaqla cəmiyyətdə daxili qarşıdurma yaratmaq havasına oynayırlar.Görünən odur ki, ənənəvi müxalifəti təmsil edən Yurdu, Milli Şuranı maraqlandıran demokratik müxalifətin güclənməsi deyil, yalnız siyasi səhnədə qalmaq çabasıdır.Bu istəyi təmin edəcək siyasi fəaliyyət bacarıqları, potensialı, dəstəyi olmayan qüvvələr üçün yeganə yol təhqirlə müşayiət olunan radikallıqdır ki, cəmiyyəti söyüş xofuyla qorxutsunlar.Cəmiyyət normal həyat, sivil münasibətlər, problemlərin həllini istəyir.Bu istəyə cavab vermək ancaq seçki yolu ilə mümkündür və sivil dünyada qəbul olunmuş qayda da budur.Özünü “əsl müxalifət” statusuna iddiaçı kimi göstərib bunu təsdiqləyəcək heç bir fəaliyyətdə bulunmayanlar üçünsə seçki də ancaq cəmiyyəti qarşı-qarşıya qoyub daha çox pul qazanmaq vasitəsidir.

Azərbaycanın gələcəyi siyasi qüvvələrin, bütövlükdə cəmiyyətin konstruktiv münasibətlərindən asılıdır.Cəmiyyət bunun fərqindədir, siyasi cameədə bunu qəbul edən və çıxış yolu kimi dəyərləndirən qüvvələr var. Bu qüvvələr üçün seçki həm də xalqa daha yaxından təmas vasitəsidir. O vasitə ki, siyasi qüvvəyə öz fəaliyyətini, gələcəklə bağlı proqramlarını, hətta ölkədəki problemləri belə cəmiyyətə çatdırmaq imkanı verir. Bu imkandan yararlanma mümkün olduğu yerdə heç bir real nəticəsi olmayacaq boykot qərarı ilə nəyisə dəyişdirmək mümkündürmü? Bunun mümkün olmadığına qərarı verən qüvvələr özləri də bilir, hər halda qarşılarında uzun illərin təcrübəsi var. Əgər boykot qərarının verildiyi 1998, yaxud 2008-ci ildən bəri həmin qüvvələrin gücü ilə bağlı dəyişiklik müsbət istiqamətdə getməyibsə, üstəlik, cəmiyyət 25 illik müxalifətdən yorulduğunu açıq-aydın büruzə verirsə, boykot qərarı nəyisə dəyişmək gücündə deyil. Deməli, məqsəd başqadır, ölkənin problemlərini, cəmiyyəti narahat edən məsələləri həll etmək yox, radikalizm üstündə qurulan “mübarizə”ni ortaya atmaqla yeni maliyyə imkanları əldə etmək.

Cəmiyyət artıq radikal münasibətlərdən yorulub.Uzun illər söyüşlə, təhqirlə “müxalifətçilik oyunu” oynayan radikal qüvvələr bu mübarizə ilə heç bir nəticə əldə edə bilməyib.Siyasətdə proseslərə sivil yanaşma, qarşılıqlı münasibətlərdə konstruktivlik çox vacibdir.Siyasətçinin borcu xalqın istəyini yerinə yetirməkdir, siyasi fəaliyyət xalqın və dövlətin maraqlarını təmin edəcək səviyyədə və istiqamətdə qurulduğu təqdirdə, dəyərli, qəbuledilən və uğurlu olur.Əks təqdirdə, bunun bir adı var- müxalifətçilik oyunu.

Bu oyunun mahir oyunçularının az olmadığı Azərbaycanda meydanı genişləndirmək üçün söyüş və təhqir, bəzən qarışıqlığı özündə ehtiva edən çağırışları səsləndirməklə siyasi gələcək qurmaq mümkün deyil. Çünki xalq bunu istəmir və dövlət də bu düşüncələrlə qurulmur.Radikalizm cəmiyyətə, xalqa heç zaman xeyir gətirməyib, sivil dünyada problemləri həll etməyin yolu radikalizmdən keçmir, bunu boykot qərarını oraya atıb dəstəkci axtarışına çıxanlar da yaxşı bilir.Seçki xalq-iqtidar, xalq-müxalifət, dövlət -vətəndaş münasibətlərini tənzimləməyin yolu olduğu kimi, problemlərdən də xilas vasitəsidir.Bu vasitədən istifadə “yurdçu”ların təbiri ilə xalqa xəyanət deyil, əksinə, xalqda gələcəklə bağlı ümid yaratmaqdır.Ən azından, xalqın onun problemlərini görən və bu problemləri həll etmək istəyində olan siyasi qüvvənin meydanda olduğunu bilməsi üçün bu seçkidə iştirak önəmlidir.

Elnarə Kərimova

Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений