Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azərbaycan üçün unikal şərait yaranıb, lokal əməliyyatlara başlamalıdır” - POLİTOLOQ



“Ermənistanda qeyri-müəyyən siyasi situasiya cəbhə xəttində də özünü göstərir”.  

Cebhe.info xəbər verir ki, bunu AXCP sədrinin müavini, politoloq Məhəmmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, 2018-ci ilin ilk günlərindən başlayaraq cəbhə xəttində Ermənistanın təxribatları və atəşkəsi pozması mütəmadi xarakter alıb: 

“Ermənistan tərəfinin ilin ilk günlərindən itkilər verməsi, təəssüf ki, bizim tərəfdən şəhidin olması yeni gərginlikdən xəbər verir.Vurğulamaq lazımdır ki, ötən ilin sentyabrından başlayaraq aparılan danışıqlar çərçivəsində cəbhədə nisbi sakitlik hökm sürürdü. Bu  sürəcdə substantiv danışıqların pozulması, erməni tərəfinin sabotaj təklifləri, deskalasiyanın davam etməsinə şərait yaratdı. Son dörd ay ərzində danışıqlarda müsbət irəliləyişlərin əldə olunmaması, artıq cəbhədə yenidən silahlara üstünlük verilməsinin şahidi oluruq. Danışıqların uğursuz olması cəbhədə atəşkəsin pozulması hallarının gözlənilən nəticəsi idi. Yerevanın etimad mühitinin formalaşması kimi cəfəngiyyat fikirləri demək olar ki, özləri tərəfindən qəsdən pozulur. Ermənistan işğal olunmuş ərazilərdən qoşunlarını çıxarmayınca, etimad mühitidən söhbət gedə bilməz. Artıq Ermənistanın məlum təxribatlarının qarşısı ən sərt üsulla alınmalıdır. Bundan əlavə, son dörd ay ərzində rəsmi Yerevanın və Kremlin diplomatik manevrlərinə, imitasiyasına ən sərt cavab qoşunların təmas xəttində işğalçı qüvvələrə ciddi zərbə vurulmaqla verilməlidir”. 

Politoloq qeyd edib ki, bu ayın sonunda Azərbaycan və Ermənistan xarici işlər nazirləri yenidən bir araya gələcək. Mahiyyət etibarilə bu görüş analoji danışıqların davamıdır və perspektivə əsaslanmır: 

“Qeyd edək ki, Ermənistanda yaxınlaşan parlament seçkiləri və hakimiyyətdə institusional dəyişikliklər, prezident Serj Sarkisyanın yenidən hakimiyyətdə qalması bu ölkədə xalqın və müxalifətin etirazları ilə müşayiət olunacaq. Sarkisyanın hərbi-siyasi hakimiyyəti daxili problemlərdən yayınmaq üçün diqqəti cəbhə xəttində təxribatlara çəkməsi gözlənilir. Azərbaycan işğalçı ölkənin bu təxribatlarına qarşı misilsiz cavab zərbəsi vurmalı, Moskvanın hər hansı təhdidləri qarşısında geri çəkilməməlidir. Artıq Kreml Suriya və Ukrayna bataqlığına ilişib və çalışır ki, Qarabağ ətrafında status-kvonu qorusun. Rəsmi Bakı Rusiyanın geosiyasi maraqlarından irəli gələn status-kvonu qəbul etməməli, işğalçı qüvvələrə zərbə endirməklə Ermənistanda Sarkisyan rejimini laxlatmalıdır. Obrazlı desək, cinin canı şüşədə olduğu kimi Sarkisyanın canı cəbhə xəttindəki vəziyyətdən asılıdır. Hazırda Azərbaycan üçün unikal şərait yaranıb. Seçki öncəsi Sarkisyanı xalqın qəzəbinə vermək, həmçinin işğal olunmuş ərazilərdə Ermənistanın yeni tikinti siyasətinin qarşısını almaq üçün lokal əməliyyatlara başlamalıdır. Bu il ərzində biz diplomatik və hərbi müstəvidə Ermənistan üzərində qələbə çalmalıyıq. İl ərzində Azərbaycan vəziyyəti dəyişməlidir. Çünki Rusiya və Ermənistan çalışacaq ki, mənasız danışıqlar davam etsin. Həmçinin, Minsk qrupunun mənasız səfərləri il ərzində davam etməklə, ölkəmizə Ermənistanın təmas xəttində atəşkəsin aşkarlanma mexanizmlərinin qurulması təklifini qəbul etdirməyə çalışacaqlar və danışıqları yalnız atəşkəsin qorunması, eləcə də fərqli istiqamətdə aparmağa cəhd edəcəklər. Qeyd edim ki, cəbhədə vəziyyət gərgin olaraq qalır. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərinə yeni hərbi texnikalar daşıyır”. 

Alçina Amilqızı 
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений