Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“Azərbaycan tarixini yaşadanlar”: Cümhuriyyətin 100 illiyinə həsr olunan film təqdim olundu - FOTO - VİDEO



Mehriban Sadıqova: “Talk TV” olaraq böyük tariximizi öz kiçik töhfəmizi vermək üçün "Azərbaycan tarixini yaşadanlar" adlı qısametrajlı film ərsəyə gətirdik”

Rəfail Becanov: “Azərbaycanın müstəqillik tarixi məhz bu üç şəxsiyyətin- Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin adı ilə bağlıdır”

“Talk TV” Azərbaycan İnternet Televiziyası Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı hazırladığı “Azərbaycan tarixini yaşadanlar” qısametrajlı filmini təqdim edib. Təqdimat mərasımi Beynəlxalq Mətbuat Mərkəzində (BMM) baş tutub. Tədbirdə media nümayəndələri və çoxsaylı qonaqlar iştirak edib.

Cebhe.info xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Talk TV” Azərbaycan İnternet Televiziyasının icraçı direktoru Mehriban Sadıqova qonaqları salamlayaraq təqdim olunacaq film haqqında məlumat verib: “Uzun illər qurulmuş dövlətçilik ənənələrinin yeni formada təzahürü olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 100 il keçir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tariximizin ən parlaq səhifələrindən olan Cümhuriyyət tariximizin 100 illiyi ilə əlaqədar  2018-ci ili “Cümhuriyyət ili” elan edib. Xalq Cümhuriyyətinin 100 illiyilə əlaqədar bir sıra tədbirlər həyata keçirilir. Biz də “Talk TV” olaraq böyük tariximizə öz kiçik töhfəmizi vermək üçün "Azərbaycan tarixini yaşadanlar" adlı qısametrajlı film ərsəyə gətirdik. Həmin film Cümhuriyyət  dövründən bu günə qədər olan mərhələni əhatə edir. Onu da qeyd edim ki, “Talk TV” keçən həftəni “Cümhuriyyət həftəsi” elan edib. Həftəboyu “Talk TV”-nin efirində deputatların, tarixçilərin, müxtəlif partiya sədrlərinin Cümhuriyyətlə bağlı fikirləri yayımlandı. Cümhuriyyət həftəmizin uğurlu alınmasında və filmin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə öz təşəkkürümüzü bildiririk”.

Sonra  “Azərbaycan tarixini yaşadanlar” adlı film tədbir iştirakçılarına təqdim olundu. 

Qısametrajlı film Cümhuriyyət dövrünü, işğal tarixini, Xalq Hərəkatını və müasir-müstəqil Azərbaycanın quruculuğunu əks etdirir. Filmdə Milli Məclisin üzvləri Hikmət Babaoğlu, Aydın Mirzəzadə, araşdırmaçı Nəsiman Yaqublu, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Razi Nurullayev və “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanov Cümhuriyyət tarixi və müstəqil Azərbaycanda dövlət quruculuğu ilə bağlı fikirlərini bölüşüb. Filmdə bu gün də Cümhuriyyət adını yaşadan müstəqil media qurumu olan “Cümhuriyət” qəzeti haqqında da söhbət açılır.

Film ümumilikdə Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin Azərbaycan müstəqillik tarixindəki fəaliyyətdən bəhs edir.

Filmin nümayişindən sonra ilk söz “Cümhuriyət” qəzetinin baş redaktoru Rəfail Becanova verilib. R.Becanov çıxışında bir sıra məqamlara toxunub, Xalq Cümhuriyyətinin yaranması, süqutu  və müstəqil Azərbaycanın qurulmasından söz açıb: 

“Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömrünə Rusiya işğalı son qoydu. 70 illik işğal ömründən sonra Azərbaycan Xalq Hərəkatının timsalında ikinci müstəqillik hərəkatına başladı. Mübarizənin məntiqi nəticəsi olaraq Azərbaycan Əbülfəz Elçibəyin liderliyi ilə növbəti dəfə müstəqilliyini qazandı. 1993-cu ildə hakimiyyətə gələn Heydər Əliyev qazanılan müstəqilliyin qorunub saxlanılmasında əvəzsiz xidmətlər göstərdi. Ümumiyyətlə, Azərbaycanın müstəqillik tarixi məhz bu üç şəxsiyyətin- Məmməd Əmin Rəsulzadə, Əbülfəz Elçibəy və Heydər Əliyevin adı ilə bağlıdır”.

Daha sonra çıxış edən tədqiqatçı-jurnalist Kəmalə Əliyeva, jurnalist İsa Rəvan, “Vəfa” İctimai Birliyinin sədri Fatimə Hacıbəyli, jurnalist Almaz Əhmədova və Güllər Amin “Talk TV”nin hazırladığı film haqqında öz fikirlərini bölüşüblər.

Vilayət Muxtar
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений