Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“AXCP-nin qeydiyyata alınması xalqın mənəvi haqqıdır”- HÜQÜQŞÜNAS



Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin partiya kimi dövlət qeydiyyatına alınması qanunvericiliyə uyğundur, həm də xalqın mənəvi haqqıdır.

“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununa və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, siyasi partiyalar yaradılır və dövlət qeydiyyatı aparılır. Siyasi partiyanın təsis olunduğu gündən bir ay müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanuna uyğun olaraq, partiya üzvlərinin sayını təsdiqləyən sənəd əlavə edilməklə, siyasi partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət olunur. Qeydiyyat üçün “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, minimal qeydə alınacaq siyasi partiyanın üzv sayı 1000 nəfər tələb olunur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Qeyri-kommersiya qurumlarının dövlət qeydiyyatının aparılması Qaydaları” barədə Kollegiya Qərarına uyğun olaraq, partiyaların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəyə təsisçilər və ya onların səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnamə (2 nüsxədə), nizamnamənin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması, proqramın qəbul olunması barədə qərarlar, dövlət rüsumunun ödənilməsi haqqında sənəd (dövlət rüsumu dövlət büdcəsinə nağd şəkildə ödənildiyi halda bank qəbzinin əsli, ödəyicinin hesabından köçürüldükdə isə ödənişin icrasını təsdiqləyən bank sənədi), siyasi partiyaların rəhbər orqanlarının qərargahının yerləşdiyi yer barədə təsisçilərin qərarı, qanuni təmsilçi təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, partiya üzvlərinin sayını təsdiqləyən sənəd, təsis qurultayının keçiriləcəyi yer və tarix barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məlumat və siyasi partiyanın proqramı əlavə edilir. Yuxarıda qeyd olunan hüquq normalarına əsasən yaradılmış, Razi Nurullayevin rəhbəri olduğu Azərbaycan Xalq Cəhbəsi Partiyasının dövlət qeydiyyatına alınmasından imtina edilib.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Qeyri-kommersiya qrumlarının dövlət qeydiyyatının aparılması Qaydaları” barədə Kollegiya Qərarına uyğun olaraq, dövlət qeydiyyatının imtina səbəbləri göstərilməli olduğu halda belə əsaslar göstərilməyib. Bu halın özü Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin hakimiyyətə real rəqib və müxalifət olması anlamına gəlir. Həmçinin, 11 aprel 2018-ci il tarixə təyin olunmuş növbədənkənar Prezident seçkilərində xalqın dəstəyi, Prezidentliyə namizədlik üçün tələb olunan 45000 səsi uğurla yığması və Prezidentliyə namizəd kimi qeydə alınması xalqın istəyinin təzahürüdür. Hal-hazırda Azərbaycan Respublikasında dövlət qeydiyyatından 55 partiya keçib. Baxmayaraq ki, bu partiyaların əksəriyyəti formal olaraq kağız üzərində mövcuddur. Belə “partiya”lar “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsinə əsasən ləğv edilməli və bu məsələ dövlətin marağında olmalıdır ki, siyasi aktivliyilə seçilən,  fəaliyyətdə olan partiyaların imkanları genişlənsin, siyasi arenada real qüvvələrin qanunamüvafiq siyasi mübarizəsinin faktiki nəticəsi və effekti olsun. Bu hal xalqın siyasi aktivliyinə, iqtidarın fəaliyyətinin təmkinləməsinə və inkişafına səbəb olar. 

Qeyd etmək lazımdır ki, elmi əsaslara görə siyasi partiyaların yaranması Milli Azadlıq Hərəkatı nəticəsində və ideoloji baza ilə aşağıdan yaranması əsas səbəblərdən hesab olunur. Bu baxımdan, AXC (daha sonra AXCP-müəll.) müstəqilliyimiz uğrunda aparıcı xalq hərəkatı olsa da, sonradan istiqamətində siyasi dəyişikliklər baş verdi. Ölkəmizdə müasir dövrün tələblərinə və xalqın istəyinə uyğun olaraq Razi Nurullayevin rəhbəri olduğu siyasi qurum AXCP ideoloji bazası ilə aşağıdan yaranmış siyasi qüvvə və partiyadır. Partiyanın dövlət qeydiyyatına  alınması xalqın istəyinin təmini olar. Respublikamızda baş verən son siyasi,ictimai və sosial proseslər Razi Nurullayevin rəhbəri olduğu AXCP-nin partiya kimi dövlət qeydiyyatına alınmasını şərtləndirməklə yanaşı qanunvericiliyə uyğundur. Həm də xalqın mənəvi haqqıdır. 

Dadaşov Vüqar Piri oğlu 
1-ci Qarabağ müharibəsi veteranı, hüquqşünas








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений