Reklam yerləşdirmək üçün
012 596 19 32
Reklam yerləşdirmək üçün
012 596 19 32
Loading...

“AAAF Holdinq” qalmaqalında MƏMUR İZİ



Xeyli müddətdir ki, “AAAF Holdinq” MMC ətrafında qalmaqal səngimək bilmir. MMC-nin hüquqi tərəfləri ilə bağlı narazılıqlar yaranıb. Bununla bağlı ittiham olunanlar var. AAAF Park Yaşayış Kompleksinin cavabdeh şəxsləri isə onlarla bağlı ittihamlara cavab olaraq bildirir ki, MMC öz fəaliyyətini daima Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə aparıb və bu şəkildə də davam etdirəcək. 

Bir qədər əvvəl MMC-nin təsisiçisi Tofiq Heydərovun həbs olunması barədə xəbərlər yayıldı. Daha sonra MMC tərəfindən həmin xəbərlərin həqiqətəuyğun olmadığı və bunların böhtan xarakterli olduğu bildirildi. Daha sonra şirkətin 30 mindən çox dinc sakini aldatması ilə bağlı məsələ ortaya çıxdı. “AAAF Holdinq” MMC-nin təsisçisi, tanınmış iş adamı Tofiq Heydərov həm öz adı, həm də rəhbərlik etdiyi şirkətlər ətrafında gəzən söz-söhbətlərə, şayiələrə aydınlıq gətirib. Tofiq Heydərov AAAF Park Yaşayış Kompleksinin qarşılaşdığı problemlər, onların həll prosesi, bank, girov, vergi və digər məsələlər haqda ətraflı danışaraq, hər şeyə rəğmən təzyiqlərə təslim olmayacağını, yolundan dönməyərək işini davam etdirəcəyini qeyd edib.  Onun sözlərinə görə, İcra orqanlarının hərəkətləri 30 mindən artıq dinc sakinin dövlətə qarşı qaldırılmasına bir cəhddir. Bu işlər uzun illərdir ki, quraşdırılır. MMC rəhbəri iddia edir ki, kimlərinsə "AAAF Park”da gözü var və bunu dəfələrlə qeyd ediblər. Maraqlıdır, “AAAF Holdinq” MMC ətrafında nə baş verir?

İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə bildirib ki, bu məsələnin daha çox hüquqi tərəfləri öndədir: 

“Ümumi əsas yanaşma budur ki, başqa kommersiya qurumlarında bu günə qədər hansı problemlər yaşanıbsa, həmin qrupda da görünən həmin problemlərdir. Normal hesabatlılığın olmaması, vətəndaşı aldatmağa yönəlik addımların olması, tikinti sektorunda problemlərin olması, yəni başqa digər sahələrdə hansı problemlər var idisə, bu holdinqdə üzə çıxır. Ciddi qərarlar olmalı və hüquq işləməlidir ki, digərlərinə də dərs olsun. Əsas vacib məsələ vətəndaşların aldadılmasıdır ki, müxtəlif sxemlər vasitəsilə bu baş verir. Eyni zamanda müxtəlif sxemlər vasitəsilə iri holdinqlər, şirkətlər korrupsiyaya bulaşırlar.  Bu məsələ sonunadək aydınlaşdırılmalı və bu məsələdə günahkarlar cəzalandırılmalıdır ki, digər kommersiya şirkətlərinə də bir dərs olsun”.

Sözügedən holdinq təsisçisinin “bu şirkətə göz dikənlər var” deməsinə gəlincə, ekspert qeyd edib ki, təəssüf ki, hər zaman Azərbaycanda belə hadislərlə qarşılaşmışıq: 

“Azərbaycanda təəssüf ki, mülkiyyət hüququnun toxunulmazlığı və məhkəmələrin ədalətli qərar verməməsi həmişə öndədir. Ona görə də dəfələrlə qeyd etmişik ki, Azərbaycanda islahatların başlanğıc nöqtəsi iqtisadiyyat deyil. Ölkədə islahatlara başlamaq istəyiriksə, ilk nöqtə hüquqi islahatlardır. Yəni mülkiyyət toxunulmazlığının tam təminatı və məhkəmə qərarlarının ədalətli olmasıdır ki, biznes çevrələri əmin olsunlar ki, heç bir halda onların mülkiyyətinə, eyni zamanda biznes maraqlarına kənardan müdaxilələr olmayacaq. Təəssüf ki,  bu baş vermir deyə, iqtisadiyyatda atılan addımlar da öz effektini vermir. Müxtəlif cəhdlər edilir, doğru qərarlar verilir, qərarın yerinə yetirilmə mexanizmi işlək olmadığına görə effektini görmürük. Holdinqdə baş verən hadisə bu örnəklərdən biridir. Əgər doğrudan da kimlərsə holdinqin aktivlərini ələ keçirməsi ilə bağlı əməliyyat aparırsa, bu digər biznes strukturlarına və xarici investorlara da bir siqnaldır. Azərbaycan demək ki, yatırım və iş görmək üçün əlverişsiz ölkə imicini yeniləyəcək və bu daha da möhkəmlənəcək. Bu, həm xarici, həm də daxili investorlar üçün çox pis siqnaldır. Bunun hüquqi qiyməti mütləq verilməlidir. Bu işlərin arxasında duranlar heç zaman cəza almırlar. Hətta çox hallarda bu işlərin arxasında iri məmurlar dayanır. Nə vaxta qədər ki, həmin məmurlara qədər iş uzanmayacaq, bu tipli hadisələr Azərbaycanda təkrarlanacaq”.

Alçina Amilqızı
Cebhe.info








© 2015 Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Yuxarı
Cebhe.info
Besucherzahler
счетчик посещений